Ailə üzvləri və döyüş yoldaşları onun tələbkar, qayğıkeş, mərd və cəsarətli şəxsiyyət olduğunu xüsusi vurğulayırlar.
Böyük Vətən müharibəsi veteranı, podpolkovnik Bəxtiyar Süleymanovun xatirələrindən
Əziz və mehriban dayım ilə görüşlərim çoxdur – 1938–1941-ci illərdə görüşlərim və cəbhədə olduğu vaxtda məktublaşmalarım olub.
Hər dəfə bizə gələndə o, mütləq mənim oxumağımla maraqlanar, hesabdan məsələlər verər, hansı kitabları oxuduğumla maraqlanardı. O, mənim gələcəkdə Naxçıvan və sonra Bakıda təhsil almağımı planlayırdı. Bu fikri dəfələrlə mənim valideynlərimlə müzakirə etməsinə baxmayaraq valideynlərim razı olmur, səbəb kimi yol çətinliklərini və ev işlərində lazım olduğumu göstərirdilər. 1941-ci ildə müharibə başladı və mənim təhsil almaq məsələm unuduldu...
Dayımdan cəbhədən ailəmizə 3 məktub gəldi. Məktubların başlanğıcında valideynlərimin adları ilə yanaşı mənim də adımı qeyd edərdi. Bu məni çox sevindirərdi.
İkinci məktubuna kapitan rütbəsində geyimdə olan şəklini də əlavə etmişdi. Anam şəkildə sağ gözünün üzərində çapıq olduğunu görüb təşvişə düşdü, dərhal məktub yazıb səbəbini soruşmağımı tapşırdı. Cavabında “kiçik məsələlər ilə özünüzü yormayın, qaşımın üstünü kol cızıb. Hələlik məktub yazmayın, cəbhəyə yola düşürük” yazmışdı. Sən demə kol qəlpə imiş...
Elm-təhsilə böyük əhəmiyyət verən dayımın arzusunu həm mən, həm qızı Şəfiqə, nəvələri Yaqut və Ramiz reallaşdıraraq müxtəlif təhsil ocaqlarından məzun olduq.
İsmayıl Sayılovun qardaşı oğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, biologiya elmləri namizədi Cəmil Sayılovun xatirələrindən
Əmim İsmayılı cəmi üç dəfə görmüşəm. Gözlərimin önündə də elə gördüyüm kimi yaşayır: uca boy, enlikürək, ciddi, bir az zəhimli, pəhləvan cüssəli olsa da, xasiyyətcə çox mülayim, rəftarı və danışığı çox xoşagəlimli şəxs. Lakin əmim olduqca tələbkar idi.
Onunla ilk görüşüm 1934-cü ilin yayında olmuşdur. Bartazın Novbaşı adlanan yaylağında, bulaqdan təxminən yüz metr aralı düzənlikdə alaçıq qurmuşduq. Əmim həyat yoldaşı Məhbubə xanımla bizə qonaq gəlmişdilər. Onu deyim ki, Məhbubə xanım da çox həssas, alicənab qadın idi. Əmim onunla ali partiya məktəbində tanış olmuş və evlənmişdi. Məhbubə xanım müxtəlif vəzifələrdə çalışmış, sonradan Naxçıvanda “Şərq qapısı” qəzetinin redaktoru işləmişdi.
Bir gün mən alaçığa gec gəldim. Əmim soruşduqda kövrələ-kövrələ dedim ki, məni cüv-cükə minməyə qoymadılar. O zaman ağacdan yelləncək düzəldərdilər, biz ona cüv-cükə deyərdik. Əmim məni kiritdikdən sonra ayağa qalxıb baltanı götürdü və əlimdən tutaraq birlikdə meşəyə getdik. Yelləncək üçün yarayan 2 ağac kəsdi. Ağacları özü götürdü. Baltanı mənə verdi. Sonra gücüm çatmadığını görüb baltanı məndən alıb şapkasını mənə verdi. Bir az getdikdən sonra mənim yorulduğumu görüb məni boynuna aldı. Beləcə mən boynunda, əlində iki ağac və balta alaçığa çatdıq. Əmim ağaclardan yelləncək düzəltdi, məni mindirib xeyli yellətdi. Əmimin düzəltdiyi yelləncək biz uşaqlar üçün ən qiymətli hədiyyə oldu.
İkinci görüşüm 1935-ci ildə olmuşdu. Qızı Şəfiqə təzə anadan olmuşdu. Anamla onu görməyə getmişdik.
Üçüncü dəfə 1937-ci ildə görüşdük. Atamdan böyük əmim Novruz vəfat etmişdi. İsmayıl əmim qardaşının yasına gəlmişdi. Bir həftəyə qədər qaldı. Həmin günlər o, mənim dərs hazırlamağıma köməklik edirdi. Bir gün hesabdan sual verib manatın neçə şahı və şahının neçə qəpik olduğunu soruşdu. Mən hesablaya bilmədim. Tapşırıq verib Məşədi Əzət bibimgilə getdi. Axşam qayıdan kimi məndən tapşırığı soruşdu. Tapşırığı yerinə yetirməmişdim. O, qulağımı çəkdi, özü də bərk çəkdi. Ağlamağıma əhəmiyyət verməyib tapşırığı yerinə yetirməyimə göstəriş verdi, özü çarpayıya uzandı.
Mən tapşırığı ayrılan vaxtdan tez etdim və əmimin yanına gəldim. O, mürgüləmişdi. Mən qorxa-qorxa onu silkələyib ayıltdım. O, saatına baxdı və məndən tapşırığı soruşdu. Cavablarımdan razı qalıb başımı sığalladı və gülümsədi.
O, həm tələbkar, eyni zamanda mülayim biri idi...
1942-ci ildə əmim Mincivan stansiyasından zəng vurub atamla, bibimlə danışdı. Bildirdi ki, müharibəyə gedir. Əmimin etirazına baxmayaraq, atam İsfəndiyar kişi atla Mincivana getdi. Təəssüf ki, qatara çata bilməmişdi. Atamın yol boyu hansı hisslər keçirdiyini təsəvvür edirəm...
1943-cü ilin sentyabr, yaxud oktyabr ayında atam ondan növbəti məktub almışdı. Məktubda o, yeni hərbi mayor rütbəsi aldığını və tezliklə daha bir şad xəbər eşidəcəyimizi qeyd etmişdi. Şad xəbərin nədən ibarət olduğunu yazmamışdı. Şad xəbəri gətirən poçtalyona muştuluq hazırlayan atama qardaşının qəhrəmanlıqla həlak olduğundan bəhs edən “Əfsanəvi kapitan” adlı böyük həcmdə dərc olunmuş “Bakinski raboçi” qəzetini gətirmişdilər. Atam da çox dözümlü adam idi. Ağır və çətin günlərdə onun darıxdığını heç yadıma gəlmir. Amma əmimin həlak olması atamı çox sarsıtmışdı.
Yadımdadır, xalq şairimiz Süleyman Rüstəm əmimin yas mərasiminə gəlmişdi. O, özü ilə əmimin bütün məktublarını, bizə göndərdiyi şeirləri toplayıb Bakıya apardı.
Hikmət Mahmud
Keçdin döyüşlərdən Koroğlu yolu,
“Odlar ölkəsi”nin a qartal oğlu,
Qoluna güc verdi elin qüdrəti,
Qanında qaynadı Vətən qeyrəti.
Düşdün min alova, düşdün min oda,
Qoymadın verilsin torpağım yada,
Dedilər Sayılov İsmayıl harda,
Orda qələbə var, orda zəfər var,
Belə görüb səni cəbhəçi dostlar.
Görmüsən qatilin zülmün, zillətin,
Ancaq əyilməyib o dağ qamətin.
Duymusan dərdini elin, millətin
Satqından, cahildən min əhd almısan
“Azərbaycan dəyanəti” olmusan.
Süngünlə qələmin qoşa döyüşdü
Sənin hər hünərin dillərə düşdü.
Nəcib arzuların qəlbimə köçdü,
Adını tarixə əbədi yazdın,
Ey şair qardaşım, döyüşçü dostum!
Məhərrəm Rəhimovun xatirələrindən
Mən İsmayıl Sayılovun cəbhə yoldaşı və ən yaxın dostu olmuşam. Müharibə başlayan zaman İsmayıl Sayılov Naxçıvan Muxtar Respublikasının İncəsənət İşləri İdarəsinin rəisi idi. Mən olan hissəyə batalyon komissarı təyin edilmişdi. Mən də hissənin rotasında siyasi rəhbər kimi idim. Hissəmiz süvari batalyon idi. Əvvəlcə Naxçıvanda, sonra isə İrana keçdik. Sonra bizim ordu cəbhəyə getdi. Biz isə Təbrizdə qalmalı olduq. Şəxsən İsmayıl Sayılovun təşəbbüsü ilə cəbhəyə getməyə icazə aldıq. 1941-ci ilin dekabr ayında Azov dənizinin buzu üzərində Kerç yarımadasına hücum başladı və biz yarımadanı faşistlərdən azad etdik. Həmin vaxtlarda İsmayıl Sayılov qoçaq və mərd biri kimi hamımıza nümunə oldu.
1942-ci ilin aprel ayında İsmayıl Sayılov batalyona həm komandir, həm də komissar təyin edildi. 1942-ci ilin may ayının 7-də düşmən çoxlu aviasiya və tank hissələrindən istifadə edərək hücuma keçdi. Biz hər addımda torpağımız uğrunda vuruşa-vuruşa geri çəkilirdik. Beləliklə, mayın 14-nə qədər vuruşa-vuruşa Kerç şəhərinə çatdıq və təpələrdə müdafiə mövqeyi tutduq. Sonra dənizi keçmək əmr edildi. Hərə bir vasitə ilə keçirdi. İsmayıl bir gün məndən qabaq keçib Teymuryuq şəhəri ətrafında hissədən qalanları bir yerə toplamışdı. Əmr əsasında biz Krasnodarın, Astaxayesvsk, Krımskaya, Tixorensk şəhərlərində olduq. İyun ayında Mahaçqala şəhərinə getmək əmri aldıq. Bir neçə gün orada qaldıqdan sonra batalyonu başqa şəhərə göndərdilər. Orada batalyon bir qədər dincəldi, əlavə kömək aldı. İyunun ortalarında əmr olundu ki, komanda və siyasi rəhbərlik Tbilisiyə hərbi qərargaha göndərilsin. O vaxt mən və altı nəfər yoldaşlarımla Tiflisə getdik. Qalan sıravi əsgərlər İsmayılın başçılığı ilə 47-ci ya 51-ci orduya aparıldı...
Mirağa Əliyev, 416-cı Azərbaycan atıcı diviziyasının siyasi iş üzrə müavini
1943-cü ilin mart ayında mənim sərəncamıma Naxçıvan Muxtar Respublikasının İncəsənət İşləri İdarəsinin müdiri, kapitan İsmayıl Sayılov gəldi. Kapitan Sayılov birinci batalyon komandirinin siyasi işlər üzrə müavini təyin olundu. Birinci batalyon Taqanroq altında Primovka adlanan bağlı-bağatlı bir kənddə, Azov dənizinin kənarında yerləşirdi. Batalyonun müdafiəsi, şəxsi heyətin yeyib-geyinmək ehtiyacları ilə bərabər mənəvi-siyasi durumlarının yüksək səviyyədə saxlanılması birbaşa Sayılovun üzərində idi.
1943-cü il oktyabr ayının 14-də polkumuz Tixonovka və Konstantinovka kəndi arasında Moloçnaya çayını keçərək faşistləri yarıb Melitopolun şimali-qərbində yerləşən ən yüksək təpələri tutmalı idi. Gecə saat 3-də alayın komandiri döyüş tapşırığı haqqında əmr vermək üçün batalyon komandirlərini və siyasi işçiləri yanına çağırdı. Döyüş əmri verildikdən sonra Sayılova tapşırıq verdim ki, öz müavinini döyüşə göndərsin, özü ehtiyatda qalsın. İşdir mən sıradan çıxmış olsam, polk komandirinin müavini vəzifəsini icra etsin. Kapitan Sayılov batalyona qayıtdıqdan sonra öz müavini Ağamoğlan Rzayevə deyib ki, mayor mənə əmr etdi ki, bu gün mən ehtiyatda qalım, döyüşə getməyim. Axı mən həmişə döyüşçüləri arxamca aparmışam, onları ruhlandırmışam. Melitopolun azad olması uğrunda gedən bu döyüş ən ağır döyüşdür. Yox, sən batalyon ştabında qal, mən gedim.
Səhər saat 5 tamamda döyüş əməliyyatı başladı. Batalyonun rotaları sürünə-sürünə Moloçnaya çayına çatmış və çayın sol sahilinə keçməyə başlamışdı. Bu zaman düşmən fişəngləri hər tərəfi işıqlandırdı, döyüşçülərimizi aşkar etdi. Bizə doğru şiddətli döyüşə başladı. Əməliyyatı başa çatdırmaq üçün bütün atəş gücündən istifadə edərək hücuma keçirdi. Təxminən saat 6-da İ. Sayılov telefonla əlaqə saxlayaraq sağ cinahda kimlərin hücuma keçdiyini soruşdu. Mən birinci batalyondan sağda heç kəsin olmamasını söylədim. O, sağdan avtomatçılar dəstəsi olduğunu söylədi. Söhbətimiz bitməmişdi ki, sağda avtomatçılar dəstəsi bizimkilərin üzərinə hücuma keçdi.
Aydın oldu ki, düşmən hiylə işlətmişdir: bizim hərbi formamızı geyinərək üzərimizə hücuma keçmişlər. Sayılov batalyonun birinci rotasını əlbəyaxa döyüşə qaldırır. Düşmən bizi mühasirəyə almağa can atır. Sayılov toplardan atəş açılmasına təkid etdi. O da kapitan Qastello kimi öz üzərinə atəş açılmasını istədi. Elə mənimlə telefonla danışarkən əlaqə kəsildi. Nə qədər səslədimsə hay vermədi. Bu, ikinci batalyonun hücuma keçməsinə şərait yaratdı. Düşmənin 80-ə yaxın avtomatçısı məhv edildi. Bu döyüş bizə çox ağır başa gəldi. Bir çox döyüşçümüz, o cümlədən əsgərlərimizin mənəvi atası, batalyon komandiri, siyasi işlər üzrə müavini, kapitan İsmayıl Sayılov qəhrəmanlıqla həlak oldu.