1902–1943 • Tarixi portret

İsmayıl Sayılov Cəbrayıl oğlu

Yazıçı • İctimai xadim • Siyasi fəal • Kapitan

Zəngilanın Bartaz kəndindən başlayan həyat yolu maarifçilik, mətbuat, siyasi fəaliyyət və cəbhə qəhrəmanlığı ilə tarixə yazıldı.

Bioqrafiya

Bartazdan tarixə uzanan yol

İsmayıl Sayılov 1902-ci ildə Zəngilan rayonunun Bartaz kəndində anadan olmuşdur. Onun həyatı təhsil, mətbuat, dövlət işi və vətən müdafiəsi ilə birləşən çoxşaxəli bir ömür yoludur.

1902Bartaz kəndində doğum
1927Kommunist partiyasına qəbul
1936–1941Naxçıvanda mədəni fəaliyyət
1943Semenyovka döyüşü

Sayılov İsmayıl Cəbrayıl oğlu 1902-ci ildə Zəngilan rayonunun Bartaz kəndində anadan olmuşdur.

Atası Sayılov Cəbrayıl, anası Sayılova Həyatnisə olmuşdur. Xatirələrdə o, uca boylu, enlikürək, ciddi, bir az zəhimli, lakin xasiyyətcə çox mülayim, rəftarı və danışığı xoşagəlimli, tələbkar və qayğıkeş insan kimi təsvir edilir.

Onun həyat yolu təhsil, siyasi fəaliyyət, mətbuat, yaradıcılıq və cəbhə qəhrəmanlığı ilə birləşən zəngin bir ömür yoludur.

Siyasi fəaliyyət

Dövlət işi və ictimai xidmət

İsmayıl Sayılov müxtəlif rayon və respublika səviyyəli vəzifələrdə çalışaraq təşkilati bacarığını, maarifçilik ruhunu və ictimai məsuliyyətini göstərmişdir.

1927

Sovet hakimiyyəti qurulduqdan sonra İsmayıl gecə kurslarında təhsil alır və 1927-ci ildə Kommunist partiyası sıralarına qəbul edilir.

1928

1928-ci ildə Kirovabadda — indiki Gəncədə — partiya məktəbində təhsil alır.

Cəbrayıl

Partiya məktəbini bitirdikdən sonra Cəbrayıl rayon partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə təyin edilir.

Ali Kommunist Məktəbi

Bir müddət sonra Azərbaycan Ali Kommunist Məktəbində təhsil alır.

Zəngilan

Təhsilini davam etdirdikdən sonra Zəngilan rayon torpaq şöbəsinin müdiri vəzifəsinə göndərilir.

Sonrakı vəzifələr

Ağcabədi rayon partiya komitəsinin katibi və Culfa rayon partiya komitəsinin katibi vəzifələrində çalışmışdır.

Naxçıvan dövrü

İsmayıl Sayılovun fəaliyyətinin ən məhsuldar və parlaq dövrlərindən biri Naxçıvanla bağlı olmuşdur. O, Naxçıvan Muxtar Respublikasının Tədarük müvəkkili və Naxçıvan Muxtar Respublikasının XKS yanında İncəsənət İşləri İdarəsinin rəisi vəzifələrində çalışmış, bu illərdə mədəniyyət və ictimai həyat sahəsində mühüm xidmətlər göstərmişdir.

Yaradıcılıq

Qələm və söz adamı

İsmayıl Sayılov müxbirlik fəaliyyətinə “Kommunist” qəzetindən başlamışdır. O, “Şərq qapısı”nda əvvəlcə şöbə müdiri, sonra redaktor müavini və baş redaktor kimi çalışmışdır. 1936–1941-ci illərdə Naxçıvan Muxtar Respublikasının mədəni yüksəlişində böyük həvəslə çalışmışdır. 1939-cu ildə yazdığı və hal-hazırda Naxçıvan Mərkəzi Dövlət Arxivində saxlanılan şəxsi işindəki tərcümeyi-halında göstərirdi: “məni yaradıcılıq işi maraqlandırır, özümü yenicə yazıçılığa başlayan adam kimi hesab edirəm”.

Bu illərdə o, M.S. Ordubadi, S.Vurğun, S.Rüstəm, R.Rza, S.Rəhimov, M.İbrahimov, Ə.Vəliyev və Ə.Sadıq ilə yaxın dostluq əlaqəsi saxlamış, onlarla məktublaşmışdır.

“Şərq qapısı” qəzetinin 20 iyun 1938-ci il tarixli nömrəsində dərc edilmiş şeirində qələm dostlarına müraciət edir:

Ey insan qəlbinin mühəndisləri,
Göylərə ucalır qələm səsləri,
Almasdan itidir qələmin ucu,
Böyük partiyadan alırsız gücü.

Düşmənə vurduğun tək zərbə vur, Səməd!
Xalqımız, oğluna etsin məhəbbət.
Şeirindən titrəsin bütün kainat,
Getdikcə parlasın bu coşqun həyat,

“Ələmdən-nəşə”yə qoş a, Süleyman!
Azğın düşmənlərə vermə sən aman.
“Döyüşən şəhər”dən “Gizli Bakı”dan
Səid, çoxlu yaz sən Şirvan, Şəkidən.

Bilinsin tarixdə işlər, hünərlər,
Tanınsın kütləyə döyüşkən ərlər.
Ey ana yurdumun kandidatları,
Səninlə titrəsin yerin qatları.

Seçəçək xalq səni ali orqana,
Səsiniz ucalsın bütün cahana.
Otuzuncu illərdə beynəlxalq vəziyyətin gərginləşdiyini duyan şair “Şərq qapısı” qəzetinin 14 sentyabr 1938-ci il tarixli nömrəsində yazırdı:

Düşmən bizə bata bilməz
Çünki bizdə el gücü var,
Ayaq bassa yurdumuza
Cavab verər mərd oğullar.

1941-ci ildə yazır:

Bu yurduma yad adamlar
Ayaq basıb girə bilməz,
Bu açılan qöncə güldən
Əl uzadıb dərə bilməz.

Hədələr, hərbələr qorxutmaz bizi
İgid tək gözlərəm mən ölkəmizi
Yorulmaz hidayət xalqın yolunda
Elimin gücü var onun qolunda.
Gözəl gün
10 may 1933-cü il

Açıldıqca baharın üzü gülə-gülə
Bülbüllər naz edir çəməndə gülə
Muğam, Mil düzünün pambıq kolları
Bu günlə istəyir gəlsinlər dilə.

Xoşbəxt vətənimin hər bucağında
Yetişir qəhrəman zəhmət bağında
Çiçəklər açılır, güllər açılır
Azad ölkəmizdə, bahar çağında.

Yeraltı sərvətli mədənlər mənim
Bu dünyada yoxdur möhnətim, qəmim
Pambıq da əkirəm, buğda, darı da
Qızıllı-gümüşlü məhsullar mənim.

Gözəl gün içində açıldı yazım
Oynayır barmağım, səslənir sazım
Qalib ölkəmizin oğul-qızları
Xoşbəxt görməkdir onları arzum.
Boz şinel

Bir ananın qoynu tək
çox istisən, boz şinel,
Geydim səni əsəndə
cəbhələrdə soyuq yel.

Varlığımı qorudun
min yağışdan, borandan,
Bədənimə qoymadın
soyuq dəyə bircə an.

Torpaq səngər qoynunda
sənə ümid bağladım,
Mən səninlə, a dostum,
çox yeri ayaqladım!

Şaxtalı gecələrdə
nə dəyişdin, nə soldun,
İllər boyu yorğanım,
yastığım da sən oldun.

Yadındamı o günü
qanlı döyüş meydanı?
Güllə dəydi qoluma...
bədənimin al qanı

Axdı-axdı, boz şinel,
soldu rəngim saraldı,
Bir zülmət gecə kimi
qəlbim evi qaraldı.

Mən güllə yağdırarkən
yağı olan tərəfə,
Yağı düşmən gülləsi
sənə dəydi ilk dəfə.

Unutmaram o günü,
mənimlə sən o zaman,
Bir yerdə, bir döyüşdə
yara aldım qolumdan...

Boz şinel, uzaqlarda
gözü yolda qalan var,
Qayıdaram evə mən...
ağır yaram sağalar,

Anam öz əli ilə yuyar
qanlı ləkəni,
Durub yenə sevinclə
geyinərəm mən səni.
Böyük Vətən müharibəsi

Cəbhədə mərdlik və rəhbərlik

Müharibə illərində İsmayıl Sayılov döyüşçüləri ruhlandıran, ön cəbhədə şəxsi nümunəsi ilə seçilən komandir və siyasi işçi kimi yadda qaldı.

1941

Müharibəyə yollanır. 1941-ci ilin dekabrında Azov dənizinin buzu üzərində Kerç yarımadasına hücumda iştirak edir.

Kerç

Kerç yarımadasının azad edilməsi əməliyyatında qoçaq və mərd döyüşçü kimi yoldaşlarına nümunə olur.

1942

1942-ci ilin aprel ayında batalyona həm komandir, həm də komissar təyin edilir. May döyüşlərində geri çəkilən hissələrin toparlanmasında iştirak edir.

1943

1943-cü ilin martında 416-cı Azərbaycan atıcı diviziyasında birinci batalyon komandirinin siyasi işlər üzrə müavini təyin olunur.

Birinci batalyon Taqanroq altında Primovka adlanan kənddə, Azov dənizinin sahilində yerləşirdi. Batalyonun müdafiəsi, şəxsi heyətin gündəlik ehtiyacları ilə yanaşı, mənəvi-siyasi durumlarının yüksək səviyyədə saxlanılması birbaşa Sayılovun üzərində idi.

1943-cü il oktyabr ayının 14-də polk Tixonovka və Konstaninovka kəndi arasında Moloçnaya çayını keçərək Melitopolun Şimal-qərbində yerləşən yüksəklikləri tutmalı idi. Ağır döyüş zamanı düşmən sovet hərbi forması geyinərək hücuma keçmişdi. Sayılov batalyonun birinci rotasını əlbəyaxa döyüşə qaldırmış, döyüşçüləri ruhlandırmış və hücumun qarşısının alınmasında həlledici rol oynamışdır.

Döyüş yoldaşlarının xatirələrinə görə, o, döyüşçüləri həmişə arxasınca aparan, onları ruhlandıran, ən ağır anlarda şəxsi nümunəsi ilə önə çıxan komandir idi.

Qəhrəmanlıq

18 oktyabr 1943

1943-cü ilin oktyabr ayının 18-də Melitopol şəhərinin “darvazası” sayılan Semenyovka kəndi uğrunda gedən döyüşlərdə İsmayıl Sayılov qəhrəmancasına həlak olmuşdur. O, yazıçı, ictimai xadim, siyasi işçi, “Şərq qapısı” qəzetinin şöbə müdiri və Naxçıvan Muxtar Respublikasının XKS yanında İncəsənət İşləri İdarəsinin rəisi kimi də yadda qalmışdır.

Xatirələr

Onu tanıyanların yaddaşında

Ailə üzvləri və döyüş yoldaşları onun tələbkar, qayğıkeş, mərd və cəsarətli şəxsiyyət olduğunu xüsusi vurğulayırlar.

Böyük Vətən müharibəsi veteranı, podpolkovnik Bəxtiyar Süleymanovun xatirələrindən

Əziz və mehriban dayım ilə görüşlərim çoxdur – 1938–1941-ci illərdə görüşlərim və cəbhədə olduğu vaxtda məktublaşmalarım olub.

Hər dəfə bizə gələndə o, mütləq mənim oxumağımla maraqlanar, hesabdan məsələlər verər, hansı kitabları oxuduğumla maraqlanardı. O, mənim gələcəkdə Naxçıvan və sonra Bakıda təhsil almağımı planlayırdı. Bu fikri dəfələrlə mənim valideynlərimlə müzakirə etməsinə baxmayaraq valideynlərim razı olmur, səbəb kimi yol çətinliklərini və ev işlərində lazım olduğumu göstərirdilər. 1941-ci ildə müharibə başladı və mənim təhsil almaq məsələm unuduldu...

Dayımdan cəbhədən ailəmizə 3 məktub gəldi. Məktubların başlanğıcında valideynlərimin adları ilə yanaşı mənim də adımı qeyd edərdi. Bu məni çox sevindirərdi.

İkinci məktubuna kapitan rütbəsində geyimdə olan şəklini də əlavə etmişdi. Anam şəkildə sağ gözünün üzərində çapıq olduğunu görüb təşvişə düşdü, dərhal məktub yazıb səbəbini soruşmağımı tapşırdı. Cavabında “kiçik məsələlər ilə özünüzü yormayın, qaşımın üstünü kol cızıb. Hələlik məktub yazmayın, cəbhəyə yola düşürük” yazmışdı. Sən demə kol qəlpə imiş...

Elm-təhsilə böyük əhəmiyyət verən dayımın arzusunu həm mən, həm qızı Şəfiqə, nəvələri Yaqut və Ramiz reallaşdıraraq müxtəlif təhsil ocaqlarından məzun olduq.

İsmayıl Sayılovun qardaşı oğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, biologiya elmləri namizədi Cəmil Sayılovun xatirələrindən

Əmim İsmayılı cəmi üç dəfə görmüşəm. Gözlərimin önündə də elə gördüyüm kimi yaşayır: uca boy, enlikürək, ciddi, bir az zəhimli, pəhləvan cüssəli olsa da, xasiyyətcə çox mülayim, rəftarı və danışığı çox xoşagəlimli şəxs. Lakin əmim olduqca tələbkar idi.

Onunla ilk görüşüm 1934-cü ilin yayında olmuşdur. Bartazın Novbaşı adlanan yaylağında, bulaqdan təxminən yüz metr aralı düzənlikdə alaçıq qurmuşduq. Əmim həyat yoldaşı Məhbubə xanımla bizə qonaq gəlmişdilər. Onu deyim ki, Məhbubə xanım da çox həssas, alicənab qadın idi. Əmim onunla ali partiya məktəbində tanış olmuş və evlənmişdi. Məhbubə xanım müxtəlif vəzifələrdə çalışmış, sonradan Naxçıvanda “Şərq qapısı” qəzetinin redaktoru işləmişdi.

Bir gün mən alaçığa gec gəldim. Əmim soruşduqda kövrələ-kövrələ dedim ki, məni cüv-cükə minməyə qoymadılar. O zaman ağacdan yelləncək düzəldərdilər, biz ona cüv-cükə deyərdik. Əmim məni kiritdikdən sonra ayağa qalxıb baltanı götürdü və əlimdən tutaraq birlikdə meşəyə getdik. Yelləncək üçün yarayan 2 ağac kəsdi. Ağacları özü götürdü. Baltanı mənə verdi. Sonra gücüm çatmadığını görüb baltanı məndən alıb şapkasını mənə verdi. Bir az getdikdən sonra mənim yorulduğumu görüb məni boynuna aldı. Beləcə mən boynunda, əlində iki ağac və balta alaçığa çatdıq. Əmim ağaclardan yelləncək düzəltdi, məni mindirib xeyli yellətdi. Əmimin düzəltdiyi yelləncək biz uşaqlar üçün ən qiymətli hədiyyə oldu.

İkinci görüşüm 1935-ci ildə olmuşdu. Qızı Şəfiqə təzə anadan olmuşdu. Anamla onu görməyə getmişdik.

Üçüncü dəfə 1937-ci ildə görüşdük. Atamdan böyük əmim Novruz vəfat etmişdi. İsmayıl əmim qardaşının yasına gəlmişdi. Bir həftəyə qədər qaldı. Həmin günlər o, mənim dərs hazırlamağıma köməklik edirdi. Bir gün hesabdan sual verib manatın neçə şahı və şahının neçə qəpik olduğunu soruşdu. Mən hesablaya bilmədim. Tapşırıq verib Məşədi Əzət bibimgilə getdi. Axşam qayıdan kimi məndən tapşırığı soruşdu. Tapşırığı yerinə yetirməmişdim. O, qulağımı çəkdi, özü də bərk çəkdi. Ağlamağıma əhəmiyyət verməyib tapşırığı yerinə yetirməyimə göstəriş verdi, özü çarpayıya uzandı.

Mən tapşırığı ayrılan vaxtdan tez etdim və əmimin yanına gəldim. O, mürgüləmişdi. Mən qorxa-qorxa onu silkələyib ayıltdım. O, saatına baxdı və məndən tapşırığı soruşdu. Cavablarımdan razı qalıb başımı sığalladı və gülümsədi.

O, həm tələbkar, eyni zamanda mülayim biri idi...

1942-ci ildə əmim Mincivan stansiyasından zəng vurub atamla, bibimlə danışdı. Bildirdi ki, müharibəyə gedir. Əmimin etirazına baxmayaraq, atam İsfəndiyar kişi atla Mincivana getdi. Təəssüf ki, qatara çata bilməmişdi. Atamın yol boyu hansı hisslər keçirdiyini təsəvvür edirəm...

1943-cü ilin sentyabr, yaxud oktyabr ayında atam ondan növbəti məktub almışdı. Məktubda o, yeni hərbi mayor rütbəsi aldığını və tezliklə daha bir şad xəbər eşidəcəyimizi qeyd etmişdi. Şad xəbərin nədən ibarət olduğunu yazmamışdı. Şad xəbəri gətirən poçtalyona muştuluq hazırlayan atama qardaşının qəhrəmanlıqla həlak olduğundan bəhs edən “Əfsanəvi kapitan” adlı böyük həcmdə dərc olunmuş “Bakinski raboçi” qəzetini gətirmişdilər. Atam da çox dözümlü adam idi. Ağır və çətin günlərdə onun darıxdığını heç yadıma gəlmir. Amma əmimin həlak olması atamı çox sarsıtmışdı.

Yadımdadır, xalq şairimiz Süleyman Rüstəm əmimin yas mərasiminə gəlmişdi. O, özü ilə əmimin bütün məktublarını, bizə göndərdiyi şeirləri toplayıb Bakıya apardı.

Hikmət Mahmud

Keçdin döyüşlərdən Koroğlu yolu,
“Odlar ölkəsi”nin a qartal oğlu,
Qoluna güc verdi elin qüdrəti,
Qanında qaynadı Vətən qeyrəti.

Düşdün min alova, düşdün min oda,
Qoymadın verilsin torpağım yada,
Dedilər Sayılov İsmayıl harda,
Orda qələbə var, orda zəfər var,
Belə görüb səni cəbhəçi dostlar.

Görmüsən qatilin zülmün, zillətin,
Ancaq əyilməyib o dağ qamətin.
Duymusan dərdini elin, millətin
Satqından, cahildən min əhd almısan
“Azərbaycan dəyanəti” olmusan.

Süngünlə qələmin qoşa döyüşdü
Sənin hər hünərin dillərə düşdü.
Nəcib arzuların qəlbimə köçdü,
Adını tarixə əbədi yazdın,
Ey şair qardaşım, döyüşçü dostum!

Məhərrəm Rəhimovun xatirələrindən

Mən İsmayıl Sayılovun cəbhə yoldaşı və ən yaxın dostu olmuşam. Müharibə başlayan zaman İsmayıl Sayılov Naxçıvan Muxtar Respublikasının İncəsənət İşləri İdarəsinin rəisi idi. Mən olan hissəyə batalyon komissarı təyin edilmişdi. Mən də hissənin rotasında siyasi rəhbər kimi idim. Hissəmiz süvari batalyon idi. Əvvəlcə Naxçıvanda, sonra isə İrana keçdik. Sonra bizim ordu cəbhəyə getdi. Biz isə Təbrizdə qalmalı olduq. Şəxsən İsmayıl Sayılovun təşəbbüsü ilə cəbhəyə getməyə icazə aldıq. 1941-ci ilin dekabr ayında Azov dənizinin buzu üzərində Kerç yarımadasına hücum başladı və biz yarımadanı faşistlərdən azad etdik. Həmin vaxtlarda İsmayıl Sayılov qoçaq və mərd biri kimi hamımıza nümunə oldu.

1942-ci ilin aprel ayında İsmayıl Sayılov batalyona həm komandir, həm də komissar təyin edildi. 1942-ci ilin may ayının 7-də düşmən çoxlu aviasiya və tank hissələrindən istifadə edərək hücuma keçdi. Biz hər addımda torpağımız uğrunda vuruşa-vuruşa geri çəkilirdik. Beləliklə, mayın 14-nə qədər vuruşa-vuruşa Kerç şəhərinə çatdıq və təpələrdə müdafiə mövqeyi tutduq. Sonra dənizi keçmək əmr edildi. Hərə bir vasitə ilə keçirdi. İsmayıl bir gün məndən qabaq keçib Teymuryuq şəhəri ətrafında hissədən qalanları bir yerə toplamışdı. Əmr əsasında biz Krasnodarın, Astaxayesvsk, Krımskaya, Tixorensk şəhərlərində olduq. İyun ayında Mahaçqala şəhərinə getmək əmri aldıq. Bir neçə gün orada qaldıqdan sonra batalyonu başqa şəhərə göndərdilər. Orada batalyon bir qədər dincəldi, əlavə kömək aldı. İyunun ortalarında əmr olundu ki, komanda və siyasi rəhbərlik Tbilisiyə hərbi qərargaha göndərilsin. O vaxt mən və altı nəfər yoldaşlarımla Tiflisə getdik. Qalan sıravi əsgərlər İsmayılın başçılığı ilə 47-ci ya 51-ci orduya aparıldı...

Mirağa Əliyev, 416-cı Azərbaycan atıcı diviziyasının siyasi iş üzrə müavini

1943-cü ilin mart ayında mənim sərəncamıma Naxçıvan Muxtar Respublikasının İncəsənət İşləri İdarəsinin müdiri, kapitan İsmayıl Sayılov gəldi. Kapitan Sayılov birinci batalyon komandirinin siyasi işlər üzrə müavini təyin olundu. Birinci batalyon Taqanroq altında Primovka adlanan bağlı-bağatlı bir kənddə, Azov dənizinin kənarında yerləşirdi. Batalyonun müdafiəsi, şəxsi heyətin yeyib-geyinmək ehtiyacları ilə bərabər mənəvi-siyasi durumlarının yüksək səviyyədə saxlanılması birbaşa Sayılovun üzərində idi.

1943-cü il oktyabr ayının 14-də polkumuz Tixonovka və Konstantinovka kəndi arasında Moloçnaya çayını keçərək faşistləri yarıb Melitopolun şimali-qərbində yerləşən ən yüksək təpələri tutmalı idi. Gecə saat 3-də alayın komandiri döyüş tapşırığı haqqında əmr vermək üçün batalyon komandirlərini və siyasi işçiləri yanına çağırdı. Döyüş əmri verildikdən sonra Sayılova tapşırıq verdim ki, öz müavinini döyüşə göndərsin, özü ehtiyatda qalsın. İşdir mən sıradan çıxmış olsam, polk komandirinin müavini vəzifəsini icra etsin. Kapitan Sayılov batalyona qayıtdıqdan sonra öz müavini Ağamoğlan Rzayevə deyib ki, mayor mənə əmr etdi ki, bu gün mən ehtiyatda qalım, döyüşə getməyim. Axı mən həmişə döyüşçüləri arxamca aparmışam, onları ruhlandırmışam. Melitopolun azad olması uğrunda gedən bu döyüş ən ağır döyüşdür. Yox, sən batalyon ştabında qal, mən gedim.

Səhər saat 5 tamamda döyüş əməliyyatı başladı. Batalyonun rotaları sürünə-sürünə Moloçnaya çayına çatmış və çayın sol sahilinə keçməyə başlamışdı. Bu zaman düşmən fişəngləri hər tərəfi işıqlandırdı, döyüşçülərimizi aşkar etdi. Bizə doğru şiddətli döyüşə başladı. Əməliyyatı başa çatdırmaq üçün bütün atəş gücündən istifadə edərək hücuma keçirdi. Təxminən saat 6-da İ. Sayılov telefonla əlaqə saxlayaraq sağ cinahda kimlərin hücuma keçdiyini soruşdu. Mən birinci batalyondan sağda heç kəsin olmamasını söylədim. O, sağdan avtomatçılar dəstəsi olduğunu söylədi. Söhbətimiz bitməmişdi ki, sağda avtomatçılar dəstəsi bizimkilərin üzərinə hücuma keçdi.

Aydın oldu ki, düşmən hiylə işlətmişdir: bizim hərbi formamızı geyinərək üzərimizə hücuma keçmişlər. Sayılov batalyonun birinci rotasını əlbəyaxa döyüşə qaldırır. Düşmən bizi mühasirəyə almağa can atır. Sayılov toplardan atəş açılmasına təkid etdi. O da kapitan Qastello kimi öz üzərinə atəş açılmasını istədi. Elə mənimlə telefonla danışarkən əlaqə kəsildi. Nə qədər səslədimsə hay vermədi. Bu, ikinci batalyonun hücuma keçməsinə şərait yaratdı. Düşmənin 80-ə yaxın avtomatçısı məhv edildi. Bu döyüş bizə çox ağır başa gəldi. Bir çox döyüşçümüz, o cümlədən əsgərlərimizin mənəvi atası, batalyon komandiri, siyasi işlər üzrə müavini, kapitan İsmayıl Sayılov qəhrəmanlıqla həlak oldu.

Media arxivi

Şəkillər və videolar

Bu bölmədə portretlər, səhnələşdirilmiş tarixi kadrlar və gələcək video materialları üçün arxiv qalereyası yerləşir.

Şəkillər

İsmayıl Sayılov portreti
Portret / tanklar fonunda
Səngər səhnəsi
Səngər səhnəsi
Qarlı cəbhə
Qarlı cəbhə
Döyüş səhnəsi
Döyüş səhnəsi
Tarixi səhnə
Tarixi səhnə
Arxiv kadrı
Arxiv kadrı
Xatirə kadrı
Xatirə kadrı

Videolar

İrs

Tarixdə yaşayan ad

İsmayıl Sayılovun adı qələmi, ictimai fəaliyyəti və döyüş meydanında göstərdiyi mərdliyi ilə xatırlanır.

Qələm və cəbhə

Onun həyatında yaradıcılıq və döyüş ruhu bir-birindən ayrılmırdı. Qələm dostları ilə əlaqələri, qəzet fəaliyyəti və şeirləri bu irsin mühüm hissəsidir.

Ailə xatirəsi

Yaxınlarının xatirələrində elmə bağlı, uşaqların təhsilinə önəm verən, həm tələbkar, həm də qayğıkeş insan obrazı yaşayır.